Fəsildə, mənbələrə əsaslanaraq
Qarabağda o cümlədən Xocalıda sovet rejiminə (1920), kolxoz quruculuğunun ilkin
(1927-1929-cu illər) mərhələsində və ikinci (1930-1931-ci illər) dövründə yol
verilən əyintilər, səhvlər, zorakılıqla qolçomaqlara və ortabab kəndlilərə
qarşı xalqımızın milli adət və ənənələrinə, dininə qarşı çevrilmiş kobud
tədbirlər nəticəsində kəndli üsyanları, kütləvi müqavimət hərəkatı və qaçaq
hərəkatının baş vermə səbəbləri, gedişi və nəticələri təhlil edilmişdir.
Qarabağın kəndlərində
1920-1930-cu illərdə baş verən sosial-siyasi proseslərin təhlili mühüm
əhəmiyyət kəsb edir. Təqdim olunan mövzu bu günə qədər tam şəkildə tədqiqat
predmeti olmamışdır. Ona görə də mövzunun araşdırılması onun aktuallığına
şübhə yeri qoymur. Kolxoz quruluşunda yol verilən əyintilər və səhvlər,
zorakılıq və inzibatçılıq, qolçomaqlara, varlı və ortabab kəndlilərə qarşı çevrilmiş
kobud tədbirlər kəndlilərin sovet rejiminə qarşı kütləvi narazılığına –
üsyanlara səbəb oldu. Bütün bu və ya digər önəmli məsələlərin obyektiv
tədqiqi müasir dövrdə böyük elmi və siyasi aktuallıq kəsb etməklə əhəmiyyətə
malikdir. Ümummilli lider Heydər Əliyev 1996-cı il iyulun 24-də “Respublikada
aqrar islahaların gedişi vəziyyətinə və torpaq islahatı haqqında qanun
layihəsinin müzakirəsinə” həsr olunmuş müşavirədə Vətənimizin 1920-1930-cu
illər tarixinə düzgün siyasi qiymət vermiş və çıxışında göstərmişdir ki,
“1929-1930-cu illərdə kollektivləşmə proqramı oldu, kolxozlar yarandı, şəxsi
mülkiyyətdən torpaqlar, kənd təsərrüfatı istehsal vasitələri alındı – bütün
bunlar təzyiqlər, inzibati tədbirlərlə, insanların repressiyası, məhkum olunması
ilə baş verdi. Bu və ya digər əyintilər, səhvlər də təsadüfi deyildi. Çünki
nəsildən-nəslə keçmiş torpaq mülk sahibinin idi. Onun torpağı, mülkü,
mal-qarası var idi və bunları tutub əlindən alanda, əlbəttə ki, o, müqavimət
göstərəcəkdi. Bu, təbii bir şeydir. Ancaq o vaxtkı rejimin nə qədər sərt
olmasına baxmayaraq, kollektivləşdirmə prosesini bir-iki ilə aparmaq mümkün
olmadı, nə qədər vaxt keçdi, qanlar töküldü, insanlar repressiya edildi” [35].
Heydər Əliyevin sovet dövrü
tarixinə bu cür obyektiv yanaşması XX əsrin 20-30-cu illər dövrünün yenidən
tədqiqinin aktuallığını və zəruriliyini bir daha təsdiq etməklə yanaşı, həm
də bu dövrə münasibətdə tərəddüd edən tarixçilər üçün də bir nümunədir. Mövzu
ilə yaxından tanış olduqda aydın olur ki, problemin kompleks şəkildə yenidən
tədqiqinə müasir dövrdə böyük ehtiyac vardır. Azərbaycanda Yeni iqtisadi
siyasət dövründə aqrar münasibətlər, kəndli kooperasiyaları, kənddə sinfi
mübarizə problemi, 30-cu illər repressiyasının gedişində kəndin təsərrüfatı
inkişaf etdirməyə qadir təşəbbüskar insanlardan məhrum edilməsi,
kollektivləşmənin acı nəticələri və digər problemlərin yenidən tədqiqi elmi və
siyasi aktuallıq kəsb edir.
Azərbaycanın 1920-1930-cu
illər tarixi həm sovetlər dönəmində, həm də müstəqillik dövründə tədqiq
edilmişdir. Sovet dövründə mərkəzdə və respublikalarda SSRİ miqyasında
1920-1930-cu illərdə kənddə baş verənləri özündə əks etdirən çoxlu sayda
əsərlər nəşr olunmuşdur. Sovet tarixçilərindən Q.Vəzirov, İ.Reznikov,
X.Əliyev, C.Quliyev, X.Əlimirzəyev, L.Əsgərov, İ.Qurbanov, A.Qurbanov,
İ.Qasımov, A.Xəlilov, H.Bağırov, M.Axundov və başqalarının Azərbaycanda
kənd təsərrüfatının elliklə kollektivləşdirilməsinə aid kitab və məqalələri
nəşr olunmuşdur [36].
Bundan başqa, tarixçilər
20-30-cu illərin digər problemlərini də tədqiq etmişlər. Məsələn, C.Quliyev
Azərbaycanda Kommunist Partiyasının 20-ci illərdə həyata keçirilən milli
siyasətinə, Z.Şıxlinski, A.Qurbanov Azərbaycan kəndində sovet quruculuğu
məsələlərinə, D.Qüdrətov 20-30-cu illərdə kənddə sovxoz quruculuğuna,
B.Qurbanov, N.Qədirova (Osipova) 20-ci illərdə Azərbaycan kəndinə hamilik
köməyə, O.Əhmədov 20-ci illərdə su təsərrüfatının bərpasına, O.Rzaquliyev
Sovet Azərbaycanında 1920-1937-ci illərdə mədəni quruculuğun burjua
saxtalaşdırıcılarının tənqidinə aid ayrıca kitablar həsr etmişlər [37].
Bütün bunlarla yanaşı sovet
hakimiyyəti illərindən tarixçilər 20-30-cu illərə aid elmi-tədqiqat işləri
aparmış, dissertasiyalar müdafiə etmişlər. Araşdırmalardan məlum olur ki,
1920-1975-ci illərdə 20-30-cu illərə aid 15 doktorluq, 96 namizədlik
dissertasiyası müdafiə olunmuşdur ki, bu da Azərbaycan SSR tarixinin digər
dövrlərinə nisbətən çoxdur. Bu onu göstərir ki, sovet dövründə tarixçilər obyektiv
və subyektiv səbəblərdən 20-30-cu illərə daha çox diqqət vermişlər.
C.İbrahimov, Z.İbrahimov,
Y.Tokarjevski, İ.İsmayılov və b. tərəfindən Azərbaycan SSR-nin
tarixşünaslığına aid bir sıra əsərlər yazılmışdır [38]. Azərbaycan tarixinin
tarixşünaslığına aid yazılmış əsərlər sırasında Ə.Sumbatzadənin XIX-XX əsr
Azərbaycan tarixşünaslığına aid 1987-ci ildə nəşr olunmuş kitabı öz həcminə
görə diqqəti cəlb edir. Ümumilikdə gördükdə, böyük zəhmət çəkilməsinə baxmayaraq,
Ə.Sumbatzadənin bu əsəri Azərbaycan sovet dövrü tarixinə aid yazılmış
əsərlərin əksəriyyətini deyil, bir hissəsini əhatə edir və fikrimizcə, əsasən
biblioqrafik xarakter daşıyır [39]. Ümumilikdə sovet dönəmində yazılmış
əsərlər nəzərdən keçirilərkən məlum olur ki, həmin əsərlər, dövrü birtərəfli
araşdırmış, mövcud durum obyektiv tədqiq olunmamışdır. Onlar sovet
cəmiyyətinin ideal bir quruluş olmasını, kollektivləşməni isə irəliyə doğru
atılan bir addım kimi təqdim etmiş və bütün bunları faktlarla “sübut” etməyə
çalışmışlar.
Azərbaycan dövləti öz
müstəqilliyini yenidən bərpa etdikdən sonra problemin tarixşünaslığı
C.Quliyev, X.İbrahimli, T.Qaffarov, M.Zülfüqarlı, Ş.Məmmədova və başqa
tarixçilər tərəfindən tədqiq olunmamışdır. Bu əsərlərdə dövrə və araşdırılan
problemlərə, onun təfərrüatlarına münasibətdə müəyyən fərqlər olmasına
baxmayaraq, ümumən problemin tarixşünaslıq baxımından tədqiqi və təhlili sovet
dövrü tarixçilərindən fərqli olaraq daha obyektiv, baş vermiş hadisələrə
qərəzsiz mövqedən yanaşmaqla aparılmışdır [40].
AMEA-nın müxbir üzvü Yaqub
Mahmudov “Azərbaycanın dövlətçilik tarixinə ümumi bir baxış: Şimali Azərbaycanda
kommunist rejimi (1920-1991)” (BDU-nin Xəbərləri. Bakı, №1, 2002, s.72-86)
adlı məqaləsində həmin dövrün nöqsanlarını tənqid etmiş ictimai-siyasi durumun
obyektiv təhlilini aparmışdır.
Mötəbər tarixi mənbələrə
əsaslanaraq tarixçilərimizin aşkara çıxardığı faktlar sübut edir ki,
Azərbaycanda nəinki kollektivləşmə illərində, həmçinin ondan sonrakı dövrdə də
vəziyyət dözülməz olmuş, hətta ayrı-ayrı regionlarda kütləvi aclıq halları da
baş vermişdir. Azərbaycanda sovet hakimiyyəti illərində baş vermiş kütləvi
aclıq hallarının ayrıca tədqiqi hazırda böyük aktuallıq kəsb edir və
tarixçilərin bu mövzuya xüsusi fikir verməsinə ciddi ehtiyac vardır və inanırıq
ki, bu mövzuya müraciət ediləcəkdir.
Məqsədimiz, Qarabağın o
cümlədən Xocalının 1920-1930-cu illər tarixini əhatə edən kitablar,
dissertasiyalar, məqalələr, tarixi sənədlər, arxiv sənədləri və digər mənbələrə
tənqidi yanaşmaqla bölgədə həyata keçirilən zorakı kollektivləşmə siyasəti,
onun törətdiyi ağır nəticələr, kəndliyə qarşı çevrilmiş kobud tədbirlər,
kolxoz quruluşunda yol verilən əyintilər, kobud səhvlərin kəndli üsyanlarına
səbəb olmasını açmaqla yanaşı, bu üsyanlarda keçmiş bəylər, qolçomaqlar, din
xadimləri kəndlilər, şəhər əhalisi ilə yanaşı, partiya, komsomol fəallarının da
iştirak etdiyini göstərməklə yanaşı, 1920-1930-cu illər Azərbaycan xalqına
qarşı həyata keçirilmiş qanlı cinayətlərlə, 1918-ci il mart soyqırımı arasında
oxşarlıq, varislik olduğunu, onun davamı olduğunu tədqiq və təhlil etməkdən ibarətdir.
Təəssüflər olsun ki, sovetlər dönəmində Qarabağın 1920-1930-cu illər tarixi
erməni müəlliflərinə “qismət” olmuşdur. Q.B.Abramyan, Q.A.İonasiyan, Q.C.Koçaryan,
Ş.M.Mkırtıçyan və digərləri tariximizi tamamilə təhrif etmiş “Böyük Ermənistan”
xülyasını əsaslandırmağa çalışmışlar. Yuxarıda adıgedən “əsərlər”də
kollektivləşmədən söz açılır, lakin xalq üsyanları kiçik bir dəstənin etirazı
kimi təqdim olunur. Təqdim olunan mövzu N.Məmmədovun “Azərbaycanın DQMV-nin
siyasi-iqtisadi və mədəni inkişafı (1920-1930)”. (Bakı, 2011), “Dağlıq
Qarabağda may çevrilişi və milli müqavimət hərəkatı (1920-1922)”. (Bakı, 2001),
“Dağlıq Qarabağın kənd təsərrüfatı 1920-1940-cı illərdə”. (Bakı, 2003),
“Azərbaycan SSR-in DQMV-də ictimai siyasi vəziyyət, iqtisadi və mədəni inkişaf
(1923-1991)”. (Bakı, 2008) və digər əsərlərində gerçəkliyi düzgün əks etdirmiş,
faktiki materiallarla zəngindir. Müəllif, kollektivləşmənin mahiyyətini,
kəndlilərin kollektivləşməyə münasibətini, kollektivləşdirmə həyata keçirilərkən
dinə, milli adət və ənənələrimizə qarşı mübarizə ilə müşayiət olunmasını,
yüzlərlə kəndlinin “qolçomaq və varlı kəndli” adı altında məhv edilməsini,
bölgədə kəndli üsyanlarının baş verməsi səbəblərini, kollektiv təsərrüfatların
yaranması nəticələrini təhlil etmişdir. Müəllifin tədqiqat coğrafiyası yalnız
Qarabağın bir hissəsini əhatə edir və milli-müqavimət hərəkatı geniş şərh edilməmişdir.
Ona görə də təqdim olunan mövzunun təhlilinə böyük ehtiyac var. Fəsil
yazılarkən çoxsaylı mənbələrdən, sənəd və materiallardan arxiv sənədlərindən,
mətbuat materiallarından istifadə edilmişdir.
Bütövlükdə Qarabağda, o
cümlədən Xocalıda 1920-ci il may çevrilişindən sonra sovet rejiminə qarşı
müqavimət hərəkatı yaranırdı. Xalq yeni quruluşa qarşı müxtəlif forma və
vasitələrlə müqavimət göstərirdi. Müqavimət özünü müxtəlif formalarda –
vergiləri verməməkdə, XI Ordu hissələrini ərzaq və başqa məhsullarla təchiz
etməməkdə, qaçaqçılıqda, sui-qəsd hadisələri törətməklə, itaətsizlikdə,
laqeydlikdə, ən əsası isə açıq silahlı çıxışlarla göstərirdi.
Çox təəssüflər olsun ki,
haqsız bolşevik rejiminə, işğala, terrora, repressiyalara qarşı çevrilmiş
Qarabağ üsyanı o cümlədən Xocalıda baş verən üsyan bəzi mənbələrində “qiyam”
kimi göstərilməklə üsyançılar “qarətçi”, “quldur”, “qaniçən” kimi təqdim
edilirdi. Görkəmli tarixçi Avqust Kariyer «Осудительная армянская история»
(Тифлис, 1895)» adlı əsərində göstərir ki, erməni alimlərinin məlumatlarına
inanmaq avamlıqdır. Çünki bu məlumatların əksəriyyəti uydurmadır [s.22].
Üsyanın əsl mahiyyətini açmaq: Qarabağda, o cümlədən onun tərkib hissəsi olan
Xocalıda Sovet hakimiyyətinin qurulmasının imperiyanın yenidən bərpa edilməsi
prosesinin tərkib hissəsi olduğunu sübut etmək, AXC dövlət xadimlərinə divan
tutulması, siyasi partiyaların qadağan edilməsi, “şübhəli ünsür” adı altında
mütərəqqi fikirli adamların və müxalifət qüvvələrin məhv edilməsi, Azərbaycan
burjuaziyasına və din xadimlərinə qarşı repressiyaların başlanması, terrorun
güclənməsi və sair səbəblərdən Qarabağda o cümlədən Xocalıda Sovet rejiminə
qarşı üsyanın baş verdiyini, gedişi, məğlubiyyət səbəbləri və tarixi
əhəmiyyətini faktlara və materiallara əsaslanaraq təhlil etmək günümüzün vacib
məsələlərindəndir.
1920-ci ildə bolşeviklər
hakimiyyətə gəldikdən sonra köhnə nə varsa hamısını dağıtmağa, düşmən hesab
etdikləri ziyalıları, din xadimlərini qırmağa, siyasi opponentlərini məhv
etməyə, Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli nümayəndələrini, digər
partiya və “siyasi qrup”ların rəhbərlərini, Azərbaycan ordusunun xadimlərini
həbs etməyə başladılar. Onlara qarşı “qırmızı terror” tətbiq edilərək çoxu
Nargin adasında güllələndi və Rusiyanın həbs düşərgələrinə göndərildi. Bütün
bunlar Azərbaycan İnqilab Komitəsindən xəbərsiz, əsas özəyi rus və ermənilərdən
ibarət olan Az K(b)P MK, BK və XI Qırmızı ordunun Xüsusi şöbəsi tərəfindən
edilirdi. ARPİİSS Arxivində saxlanılan sənədlərə istinadən deyə bilərik ki,
1920-ci il ərzində Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Kabinetinin keçmiş
sədrləri F.X.Xoyski və N.Yusifbəyli, parlamentin sədr müavinləri H.Ağayev,
C.Behbudov hökumət üzvləri X.Rəfibəyov, İ.Ziyadxanov, məşhur pedaqoq, alim
F.Köçərli, professor Zimin və başqaları güllələndilər. Tədqiqatlardan məlum
olur ki, 1921-ci ilə qədər ancaq müsəlman hərbçilərindən 12 general, 27
polkovnik və polkovnik-leytenant, 46 kapitan, 266 nəfər hərbi işçilər o
cümlədən S.Sülkeviç, İ.Usubov, Haşımbəyov, Şahzadələr – İmanulla Mirzə Qacar
və Kazım Mirzə Qacar, Həmid bəy Qaytabaş, Həmid bəy Səlimov, Rüfət bəy
Şıxlınski, İsgəndər bəy Seyfulin, A.Ziyadxanov və digər hərbçilər
güllələndilər. Yeri gəlmişkən qeyd edək ki, 1920-ci ilin aprelin 28-dən –
1921-ci ilin avqustunadək Azərbaycanda 48 min adam “qırmızı terror”un qurbanı
olmuşdu [ARPİİSSA, f.1, s.74, i.120, v.108].
Qarabağ üsyanının o cümlədən
Xocalıda baş verən milli müqavimət hərəkatının başlanması səbəbləri – RDHA
ARDA, ARPİİSSA, RFDA, «Очерки истории Коммунистический партии Грузии».
(Tiflis, 1957); Rəsulzadə M.Ə. “Azərbaycan Cümhuriyyəti”. (Bakı, 1990); Veysəl
bəy N. “1920-1921-ci illərdə Azərbaycanda müstəqillik uğrunda mübarizə”; Nərimanov
N. «Избранные провидение, в трех томах. Том. II (1918-1921)». (Bakı, 1989);
Solovyev N.İ. “Çevrilişdən sonrakı iki ayda (may-iyun) Azərbaycanda bizim
siyasətimiz”; Mahmudov Y., Şükürov K. “Qarabağ: real tarix, faktlar,
sənədlər”. (Bakı, 2005); Ünüvar V. “İstiqlal həbimizdə bolşeviklərlə 8 ay.
1920-1921”.
(İstanbul, 1948); Ататюрк M.K. «Избранные речи и выступления». (Москва,
1996); «Великая Октябрьская
социалистическая революция и победа советского власть в Армении». (Ереван,
1957); «Декреты Азревкома 1920-1921. сбр. док». (Bakı, 1989); «К истории
образования НКАО Азерб. ССР 1918-1925. Док и мат. (Bakı, 1989); Нагорный Карабах в 1918-1923 гг.
(Ереван, 1923) və digər
mənbələrdə geniş təhlil edilmişdir. Yuxarıdakı mənbələrə əsaslanaraq Qarabağ
üsyanının o cümlədən Xocalıdakı milli müqavimət hərəkatının başlanması səbəblərini
aşağıdakı qaydada ümumiləşdirmək olar: Üsyanın başlıca səbəbi yeni hakimiyyətin
siyasətindən ümumi narazılıq idi. Onun başlanmasına bilavasitə – təkanverən
bolşeviklərin Azərbaycan hərbi hissələrinin “sinfi baxımdan yad ünsürlərdən
təmizlənməsi” tədbiri oldu. Buna qarşı qəti narazılıq edən zabit və əsgərlər
silaha əl atdılar; Azərbaycan xalqını başsız qoymaq məqsədilə Azərbaycandakı
müsəlman ziyalılar və burjuaziya həbs olunur və güllələnirdilər. Hakimiyyətin
qeyri-azərbaycanlıların əlində cəmləşdiyi Xocalıda bu proses xüsusi
qəddarlıqla həyata keçirilir və əhalinin haqlı olaraq etirazına gətirib
çıxarırdı; Bölgədə hakimiyyəti ələ keçirən mənsəb sahibləri – bolşevik və
erməni emissarları azərbaycanlıları qarət və talan edir, onların var yoxlarını
əllərindən alırdılar ki, bu da əhalinin yeni hakimiyyətə qarşı narazılığına
səbəb olurdu; Xocalının “Dövlət Məmurları” kəndlərdə qarətçiliklə məşğul olur,
kəndlilərin məhsullarını, mal-qarasını müsadirə adı ilə zorla əllərindən
alırdılar. Ərzaq sapalağı ilə kəndlilərin vəziyyətini daha da ağırlaşdırmış və
bütün bunlar isə onların narazılığını gücləndirmişdi; Siyasi partiyaların –
“əksinqilabçı, zəhmətkeşlərin düşməni, istismarçı” adı altında damğalanması
və fəaliyyətlərinə qadağa qoyulması da üsyanlara gətirib çıxardı; Bölgədə
terroru həyata keçirən Fövqəladə Komissiya “şübhəli ünsür” adı altında
azərbaycanlı sahibkarlar, bəylər, tacirlər, varlılar, ziyalıları istintaqa cəlb
edərək güllələyirdilər bu isə xalqın milli-müqavimətini yetişdirirdi; XI
Qırmızı Ordunun ermənilərdən və ruslardan ibarət Xüsusi Şöbəsinin özbaşınalığı
xüsusilə dözülməz idi. Kimliyindən asılı olmayaraq bölgədə yaşayan
azərbaycanlıların evlərində axtarışlar aparılır, əmlakları müsadirə edilir,
ləyaqətləri tapdalanır, təhqir edilir bu isə münaqişələrə səbəb olurdu; Qırmızı
Ordunun timsalında mənfur siyasətlərinin “böyük qüvvəsi”ni duyan ermənilər
bəhs edilən dövrdə Qarabağda o cümlədən onun bir hissəsi olan Xocalıda torpaq
iddiası daha da genişlənmiş bölgədəki bütün azərbaycanlı kəndlər yandırılmış
dinc əhali isə güllə-boran edilmişdir. Qəzəb dalğası xalqın müqavimət
hərəkatını yetirmişdi. Beləliklə, bolşeviklər tərəfindən Xocalının
“bolşevikləşdirilməsi” siyasəti həm mahiyyət həm də üsul etibarilə
istər-istəməz kütləvi narazılıq yaradan siyasət idi. Bu zəmində də 1920-ci il
may çevrilişindən sonra bütövlükdə Qarabağda, o cümlədən Xocalıda sovet
rejiminə qarşı müqavimət hərəkatı başlandı.
Xocalı üsyanının gedişi,
məğlubiyyəti və nəticələri haqda ARPİİSSA f.1-də, f.276-da, f.256, f.85-də
Rusiya Dövlət Hərbi Arxivində fond 7940, s.2, i.80, v. 49-50-də saxlanılan sənədlərdə
“bakinskiy raboçiy”, “Kommunist” qəzetlərində, “Krasniy Arxiv” jurnalının
səhifələrində geniş şərh edilmişdir.
Qarabağda və onun bir hissəsi
olan Xocalıda yeni yaradılmış erməni və ruslardan ibarət bolşevik hakimiyyətinə,
həm də erməni özbaşınalıqlarına, təcavüzkarlıqlarına qarşı xalqın milli
azadlıq mübarizəsi başladı. 1920-ci ilin mayında Azərbaycan Milli Ordusunun
əsas hissələri Qarabağ bölgəsində yerləşdirildi. Əvvəlcə ərazi bütövlüyümüzün
qorunması uğrunda mübarizə məqsədilə, Dro, Nijde və Andranikin çirkin
əməllərinin qarşısını almaq üçün bölgəyə daxil olan Milli Ordu hissələri,
Qırmızı Ordu hissələrinin və yeni hakimiyyətin özbaşınalığına qarşı da biganə
qalmadı. Azərbaycanın Milli Ordu hissələrinə polkovnik Zeynalov başçılıq edirdi.
Yeri gəlmişkən onu da qeyd edək ki, “Kommunist” qəzeti 22 may 1920-ci il 17-ci
№-də yazırdı ki, Qarabağ üsyanına Zeynalov komandirlik etməsinə baxmayaraq
orduda polkovnik Sofiyev, Pristav Kərimbəy Qalabəyov, Yadigarov, həmidbəy və başqaları da rəhbər
vəzifələr tuturdular. Qarabağ üsyanının hazırlanması və müvəffəqiyyətlərində
onların da xidmətləri olmuşdur. Azərbaycan xalqının çətin günündə onun dadına
çatan Türk generalı nuru Paşa da
öz dəstəsi ilə Qarabağ istiqamətində hərəkət etdi. 1920-ci il mayın axırlarında
Qarabağın müxtəlif yerlərində Şəki, Tatar, Cavanşir, Ağdam süvari alayları,
Bakı piyada alayı və Bakının 2 topçu diviziyası yerləşdirilmişdi [62]. Xalq,
Milli Ordu hissələrini çox böyük sevinclə qarşıladı. Xocalıda nəzarət Milli
Ordu hissələri və onun tərkibində vuruşan xalqın əlinə keçmişdi. Milli Ordu
hissələrinin tərkibində 6 min döyüşçü var idi. 1920-ci il mayın 25-də nuru Paşanın dəstəsi Yevlaxdan
Əsgərana, oradan da Şuşaya daxil oldu. Qeyd edək ki, Qarabağda üsyançılara
polkovnik Həmid bəy başçılıq edirdi. ARPİİSSA-da saxlanılan sənədlərdən birində
göstərilir ki, 1920-ci il mayın 29-da Qarabağda hakimiyyət üsyançıların əlinə
keçdi. Qaryaginin Qocaəhmədli, Arış və Xatınbəyli kəndləri istisna olmaqla
bütün qalan kəndlər üsyançıların əlinə keçmişdi... Belə bir şəraitdə Qaryagin
İnqilab Komitəsinin üzvləri 75 nəfərlik dəstələri ilə Qocəhmədlidə
məskunlaşdılar. Onlar hadrut
bolşevikləri ilə birləşdilər... lakin güclü xalq ordusu Qaryagində
inqilabçıların üzərində qələbə ilə nəticələndi [ARPİİSSA, f.276, s.2, i.84,
v.57]. Arxiv sənədlərində daha sonra qeyd edilir ki, 20 nəfər fəal bolşevik
həbs olunmalarına baxmayaraq, onlar həbsdən azad edildilər... Bu zaman, Njdenin
quldur dəstəsi Edilli, Xırmancıq, Xankəndi, Quşçular, malıbəyli, Ağakənd və digər kəndlərə basqın edərək kəndləri
çapıb taladılar... Üsyançılar həm də həmin erməni daşnak quldur dəstələrinə
qarşı vuruşurdular [ARPİİSSA, f. 256, s.16, i.129, v.57].
Zeynalovun Milli Ordu
hissələri ilə birləşən hər iki ordu hissələri Qarabağı o cümlədən Xocalını XI
Ordu hissələrindən və daşnak ermənilərindən təmizlədilər [62, s.18]. Ərazinin
daşnaklardan təmizlənməsində yerli bəylər də fəal iştirak etdilər. Bəhs
etdiyimiz dövrdə Cavanşir qəzasında İnqilab komitəsinin sədri Adil Sultanovda
azərbaycanlılardan ibarət hərbi hissələri ilə üsyançıların tərəfinə keçmişdi.
XI Ordunun 2-ci süvari korpusunun 32-ci atıcı diviziyası güclü bombardmançı
təyyarələrdən istifadə edərək iyunun 15-də Qarabağda baş vermiş üsyanı
yatırdı. ARPİİSSA – 276 fondunda saxlanılan materiallara əsasən deyə bilərik
ki, Qırmızı Ordu tərəfindən Qarabağda o cümlədən Xocalıda bombardman zamanı
yüzlərlə ev dağıldı və dinc əhali qırıldı. Bu vaxt Nuru Paşa müqavimət
göstərməyin mənasız olduğunu görüb Şuşanı tərk etdi. Lakin Qarabağda Sultanbəy
Sultanov hələ də müqavimət göstərirdi. General Cavad bəy Şıxlinski, Sultanbəy
Sultanova kömək üçün 8 min adam, 24 ədəd pulemyot, 10 ədəd top və külli
miqdarda ləvazimat göndərdi. ARPİİSSA – fond 1-də S.Sultanovun fəaliyyəti geniş
şərh edilmişdir. Mənbədə göstərilir ki, [f. 276, s.2, i.129, v.57] S.Sultanovun
dəstəsi Andranikin, Dronun ən güclü qoşun hissələrinə böyük itkilər vermiş və
ermənilərin “Böyük Ermənistan” yaratmaq planlarını yarımçıq qoymuşdur. Yeri
gəlmişkən onu da qeyd edək ki, S.Sultanovun qardaşı X.Sultanov 22 may 1920-ci
ildə həbs edilmişdi. Güclü müqavimətə baxmayaraq, S.Sultanov da güclü, nizami
XI Ordunun hücumu qarşısında aciz qaldı. Çünki, xalqının qədirbilən, qeyrətli
oğlu başa düşürdü ki, bombardmançı təyyarələrə müqavimət göstərmək ağılsızlıqdır.
Bu döyüş minlərlə evin dağılmasına, günahsız insanların məhvinə səbəb ola
bilər. Odur ki, S.Sultanov 1920-ci il iyunun 14-də müqaviməti dayandırdı [f.1,
s.85, i.89, v. 43]. Lakin Mikoyanın məxfi tapşırığı ilə S.Sultanova qəsd təşkil
edildi. Xoşbəxtlikdən atılan güllə onun başına yox, çənəsinə dəydi. S.Sultanov
onu salamat buraxmayacaqlarını başa düşüb Türkiyəyə mühacirət etməli oldu.
“Kommunist” qəzeti (rus
dilində), 24 iyul 1920-ci il, 44-cü nömrəsində Qarabağ üsyanının o cümlədən
Xocalıda baş verən üsyanın yatırılması ilə bağlı geniş məlumatlar dərc
etdirmişdir. Həmin sənədə əsasən deyə bilərik ki, xalqımızın erməni
daşnaklarına və yeni yaradılmış quruluşa qarşı mübarizə tarixində Qarabağ
Fədailəri xüsusi yer tutmuşlar. Güclü, hərbi təlim görmüş, təpədən-dırnağadək
silahlanmış erməni-rus birləşmiş nizami ordusu 1920-ci il iyunun 15-də hücum
edib Qarabağdakı xalq üsyanlarını yatırdı. Həmin vaxt Q.G.Orconikidze V.İ.Leninə
teleqram vurdu ki, “Qarabağda qiyam ləğv edilib. Nuru Paşa başda olmaqla qiyam
rəhbərləri qaçıblar” [ARPİİSSA, f.1, s.85, i.89, v.43].
“Krasnıy Arxiv” jurnalı №5-də
1936-cı il sayında yazırdı ki, “Qarabağ üsyanı yatırılan vaxt qoşqu
ləvazimatları və atlarla birlikdə 8 top, 46 plamyot, döyüş materialları, tüfəng
və plamyot olan çoxlu anbar Qırmızı Ordu tərəfindən ələ keçirilmişdir” [s.14].
“Bakinskiy raboçiy” qəzeti isə 12 fevral 1923-cü il 42-ci nömrəsində Qarabağ
üsyanının yatırılmasından, Qırmızı Ordunun əlinə 300-dən artıq at, 400 dağ
batareyası və 2 min əsir keçməsindən bəhs edir. Rusiya Dövlət Hərbi Arxivində
[f. 7940, s.2, i.80, v.49-50] saxlanılan materiallarda da Qarabağ üsyanı o
cümlədən Xocalıda baş verən 1920-ci il milli-müqavimət hərəkatı haqda kifayət
qədər məlumatlar vardır. Doğrudur həmin mənbələrdə Qarabağ üsyanı o cümlədən
Xocalıda milli müqavimət hərəkatı “qiyam” adlandırılmış, üsyan rəhbərləri
“Fitnəkar” kimi qiymətləndirsə də, buradakı mənbələr tariximizin şanlı
səhifələrinin tədqiqi üçün mühüm əhəmiyyət kəsb etmişdir və edir.
Beləliklə, Qarabağda və
həmçinin Xocalıda xalqımızın ərazi bütövlüyü, azadlıq uğrunda apardığı
milli-azadlıq mübarizəsi qan içində boğuldu. Azərbaycanlılar yaşayan kəndlər
cəhənnəmi xatırladırdı. Bütün evlər yandırılmış və dağıdılmışdır. Xalq
üsyanlarının məğlub olması səbəblərini araşdırarkən Azərbaycanın başqa bölgələrindən
fərqli olaraq bölgədə özünəməxsus xüsusiyyətlərinin olmasını aşkar edirik.
Başqa ərazilərdən fərqli olaraq Qarabağ üsyançıları həm ermənilərə qarşı ərazi
bütövlüyü uğrunda, həm də qırmızı Ordu hissələrinə qarşı azadlıq uğrunda
döyüşməli idilər. Bu isə qüvvələr nisbətini zəiflədirdi.
“Kommunist” qəzeti 22 may
1920-ci il 18-ci nömrəsində bölgədəki üsyanın məğlubiyyət səbəblərindən birinə
aydınlıq gətirmişdir: Üsyanın gedişində milliyyətcə erməni olan
kommunistlərin öz silahları ilə birlikdə daşnakların tərəfinə keçməsi faktları
aşkar edilmişdir. Məsələn, 1920-ci ilin mayında 1200 erməni kommunisti onlara
verilmiş tüfəng və patronları ilə birlikdə Nijdenin dəstəsinə qoşulmuşlar
[283]. Bu da qüvvələr nisbətinin erməni və ruslar tərəfdə olmasına şərait
yaratmışdır.
Həm XI Qırmızı Ordu hissələri,
həm də Dro, Nijde və Andranikin dəstələri uzun müddətli müharibələr
apardıqları üçün böyük döyüş təcrübəsinə malik idilər. Bu isə müharibənin
gedişində özünü büruzə verirdi.
Üsyanın məğlub olması
səbəbləri rusiya Dövlət hərbi
Arxivində saxlanılan sənədlərdə öz əksini tapmışdır. Bunlardan biri, bu
günədək mətbuatda səslənməyən, lakin böyük maraq kəsb edən səbəbdir. Sənəddə
göstərilir ki, İrandan sərhədi keçərək qarətçiliklə məşğul olan quldur
dəstələri də, bu dövrdə fəaliyyət göstərirdi ki, həmin dəstələr özlərini
üsyançı kimi göstərirdilər. Üsyançı adı altında fəaliyyət göstərən quldur,
qarətçi dəstələr əhalidə əsl üsyançılara inamı azaldırdı. Bu isə qüvvələr
nisbətini azaldırdı… Eyni zamanda, Xocalı ərazisində bir-birilə düşmənçilik
edən qruplar fəaliyyət göstərirdi ki, bu da qüvvələr nisbətini zəiflədir və
üsyanın məğlub olmasına şərait yaradırdı [Rusiya Dövlət hərbi Arxivi, f.195,
s.1, i.8. v.3-4].
Ordunun texniki cəhətdən
təchiz edilməsində də fərqlər müşahidə edilirdi. Adicə Qırmızı Ordu
hissələrinin bombardmançı təyyarələrdən istifadə etməsi, döyüşən Milli Ordunu
psixoloji cəhətdən ruhdan saldı və məğlub olmasına şərait yaratdı.
Bəhs edilən dövrdə erməni
daşnakları Qarabağ bölgəsinə xüsusilə Xocalıya özlərinin xüsusi
hazırladıqları “təbliğatçı dəstələr” göndərdilər. Onlar ərazidə yaşayan erməniləri
öz tərəflərinə çəkə bildilər ki, bu da daşnakların qüvvələrini artırırdı. Eyni
zamanda, 1828-ci ildən Qarabağa köçürülərək burada yaşayan ermənilər yerli
şəraiti yaxşı bilir və daşnaklara bələdçilik edirdilər.
Özlərinin gizli məqsədləri
olan Qərb dövlətləri erməni daşnaklarından bir alət kimi istifadə etməyə başladılar
və onları ərzaq, döyüş sursatı və silahla təmin etdilər. Həm də erməni
daşnakları həmin dövlətlər tərəfindən beynəlxalq aləmdə dəstəklənirdilər.
Azərbaycanlılar içərisində də,
“yeni quruluşun ədalətli gələcəyi”nə inanan qüvvələr var idi ki, onların
üsyançıların tərəfində olmaması qüvvələr nisbətini azaldırdı.
Tarixçi A.Steklov
“Azərbaycanda Müsavat ordusu” (Bakı, 1920) adlı əsərində Qarabağ üsyanının
məğlub olması səbəblərindən biri kimi onu göstərir ki, Müsavat ordusu
(üsyançılar nəzərdə tutulur – N.M.) içərisində hərc-mərclik hökm sürürdü.
Müəllifin qeyd etdiyinə görə 1920-ci ildə 5-ci Bakı Piyada Polkunda 1700 nəfər
əsgərin adı olmasına baxmayaraq, Qarabağa gedəndə onlardan yalnız 700 nəfəri
qaldığı, 4-cü polkda isə 1500 qarşı 375 nəfər qaldığı qeydə alınmışdır. Bu isə
qüvvələr nisbətinin Qırmızı Ordunun xeyrinə dəyişməsinə səbəb olurdu [s.
67-69].
1920-ci ildə Qarabağda o
cümlədən Xocalıda baş vermiş üsyanın Gəncə, Zaqatala, Lənkəran, Naxçıvan üsyanları
ilə əlaqənin olmaması bu üsyanların müxtəlif vaxtlarda baş verməsinə,
ayrı-ayrılıqda onların hər birisinin qırmızı Ordu hissələri tərəfindən
asanlıqla məğlub edilməsinə səbəb oldu.
Üsyanı idarə etmək üçün vahid
mərkəz yaradılmamışdı. Bu isə öz növbəsində üsyanın müxtəlif vaxtlarda,
plansız keçirilməsinə və kortəbiiliyin baş verməsinə, son nəticədə isə
ümumxalq üsyanına çevrilməməsinə və məğlub olmasına gətirib çıxarmışdır.
Bütövlükdə Qarabağda, o
cümlədən Xocalıda baş vermiş olan 1920-ci il xalq üsyanının qan içində
boğulmasına baxmayaraq, çox böyük əhəmiyyəti olmuşdur. Belə ki, bu üsyan yeni
hakimiyyətə qarşı milli-azadlıq hərəkatının başlanğıcını qoyaraq onun ilk
parlaq səhifəsini təşkil etdi. Eyni zamanda bölgəni işğal edən qüvvələr –
erməni daşnaklarına və XI Ordu hissələrinə əyani sübut olundu ki, xalqımız öz
azadlıq və ləyaqəti uğrunda mübarizə iqtidarına malikdir. Üsyan yeni yaranmış
hakimiyyəti sarsıdaraq, xalq hərəkatının gələcəkdə inkişafına təkan verdi.
Üsyan nəticəsində bolşevik hakimiyyətinin siyasi böhranı daha da dərinləşdi.
Xalqın qəzəbi aşıb daşırdı. Ermənilərin bolşevik hakimiyyəti ciddi təhlükə
altında olduğundan, onlar ardıcıl olaraq azərbaycanlılara qarşı repressiyalara
əl atdılar. Minlərlə dövlət məmurlarımız, ictimai-siyasi xadimlərimiz, nüfuzlu
elm adamlarımız, ümumiyyətlə, bütün namuslu və qeyrətli görkəmli şəxsiyyətlərimizin
bir hissəsi həbs edildi, sürgün edildi, istintaqsız və məhkəməsiz güllələndi,
digər qismi isə vətənini tərk edib mühacir həyatı keçirməyə məcbur edildilər.
ARPİİSSA-nın 410-cu fondunda
saxlanılan sənədlərdə 1920-ci il üsyanı, onun məğlub olma səbəbləri və
nəticələri haqda müfəssəl məlumatlar vardır. Həmin sənədlərə istinadən deyə
bilərik ki, Azərbaycanı bütövlükdə öz müstəmləkəsinə çevirən Rusiya, artıq
daşnakların bölgədəki qarətləri, dağıntıları ilə barışmaq istəmirdi. Odur ki,
Qızıl Ordunun 1-ci, 2-ci, 3-cü, 4-cü, 177-ci, 178-ci polkları və 1-ci Qafqaz
korpusu 1921-ci il iyulun 3-də general Nijdenin qoşunlarını məğlub etdilər.
Nijde Qafan dağlarına çəkilib Miqridən İrana qaçdı [s.1, i.293, v.36]. Daşnak
qoşunları məğlub olsa da, ermənilərin məkirli ərazi iddiaları hələ də davam
edirdi. Bütövlükdə Qarabağda, o cümlədən Xocalıda vəziyyət əvvəlki kimi böhranlı
olaraq qalırdı. Bütün bunlara baxmayaraq, üsyanların və onun rəhbərlərinin
Azərbaycan xalqının istiqlal və azadlıq mübarizəsi tarixində çox mühüm yeri
vardır. Onlar Azərbaycan xalında istiqlal ideyalarının hələ sönmədiyini, onun
azadlıq uğrunda ölümə getmək əzmində olduğunu nümayiş etdirən hadisələr kimi
tariximizə daxil olmuşdur. Bu üsyanlar və müqavimət hərəkatı xalqımızın
istiqlal arzusu ilə yaşayan sonrakı nəsillər üçün örnək rolunu oynadı.
Azərbaycanda kənd
təsərrüfatının sosialistcəsinə yenidən qurulması – kollektivləşmə
Respublikamızın 1920-1930-cu illər tarixinin ən dəhşətli səhifələrindən biri
hesab edilir. Bu illər Qarabağın kəndinin o cümlədən Xocalının tarixinə ən
ağır, əzablı və dəhşətli dövr kimi daxil olmuşdur. 1920-ci illərdə sənayeləşdirmədə
baş verən yeniliklər kəndin ictimai-iqtisadi həyatında köklü dəyişikliklər
keçirilməsini də şərtləndirdi. Qarabağda, o cümlədən Xocalıda kənd təsərrüfatı
pərakəndə vəziyyətdə idi və xırda fərdi təsərrüfatlar üstünlük təşkil edirdi.
Bu sahədə yaranmış böhrandan çıxış yolunu Stalin kənd təsərrüfatını hər vasitə
ilə kollektivləşdirməkdə görürdü. XV partiya qurultayı (dekabr 1927-ci il)
xırda fərdi kəndli təsərrüfatlarını birləşdirməyi və onları iri kollektivlərə
çevirməyi kənddə əsas vəzifə kimi qoymuşdu [1]. Qurultayda kooperasiyanın bütün
formalarının inkişaf etdirilməsi, yeni texnika əsasında tədricən torpağın
elliklə becərilməsinə keçilməsi nəzərdə tutulurdu. Kənd təsərrüfatının
kooperativləşməsi haqqında qərarda müddət, xüsusilə forma və üsulları barədə
konkret vəzifələr müəyyənləşdirilməmişdi. Qurultayın qolçomaqlar haqqında
qərarında iqtisadi metodlarla onların istismar imkanlarını azaldan tədbirləri
nəzərdə tutulurdu, hətta qeyd olunurdu ki kollektivləşmə “ancaq zəhmətkeş
kəndlilər tərəfindən razılıq olması şərti ilə” həyata keçirilə bilər.
XX yüzilliyin 20-ci illərinin
ikinci yarısından bu siyasət Qarabağda, o cümlədən Xocalıda həyata keçirilməyə
başlandı. Kollektivləşmənin məna və mahiyyətini hələ tamamilə dərk etməmiş,
ona hazır olmayan Xocalı ərazisi üçün bu proses çox dəhşətli keçmişdi.
Rusiyada başlamış bu proses
Qarabağda, o cümlədən Xocalıda daha çətin həyata keçirilmişdi. Azərbaycan rəhbərliyi
o cümlədən Qarabağ və Qaryagin ali hakimiyyət orqanları “yarışmaq” prinsipindən
istifadə etmişdi. Mərkəzdən müəyyən olunmuş müddətə görə hələ dörd il vaxtın
qalmasına baxmayaraq, Azərbaycan rəhbərliyi tələsərək qısa bir vaxtda elliklə
kollektivləşməni başa çatdırmaq qərarına gəlmişdi. Həmin məqsədinə çatmaq üçün
Xocalının yerli sovet, partiya orqanları zorakılıq yolu ilə kəndliləri kolxozlara
toplamağa başlamışdılar. Bu məqsədlə iyirminci illərin ikinci yarısından
kollektivləşmə həftəlikləri təşkil edilmişdi. Kolxoza könüllü gəlməyənləri
məcbur edir, həbs edir, “kuluka” salır, hədələyir və digər inzibati tədbirlər
həyata keçirirdilər [2]. Hətta Xocalının yerli hakimiyyət orqanları öz
bölgələrini elliklə kollektivləşmə rayonları elan etmiş, geniş miqyasda kağız
üzərində kolxozlar yaratmağa başlamışdılar.
Xocalıda kollektivləşmə həyata
keçirilərkən ən dəhşətli faciələrindən biri qolçomaqlara və onların
tərəfdarlarına divan tutulması ilə müşayiət olunurdu. Sovet rejimi yarandığı
gündən qolçomaqlara düşmən münasibət bəsləyirdi [3]. 1928-ci ildən sonra onları
məhdudlaşdırmaq və sıxışdırmaq siyasəti yürüdülürdü: onlara yüksək vergilər
qoyulur, artıq taxılları zorla müsadirə edilir, muzdur saxlamaq, torpağını və
texnikasını icarəyə vermək məhdudlaşdırılırdı. Lakin kütləvi kolxoz hərəkatı
başlandıqdan sonra elliklə kollektivləşmə əsasında qolçomaqları bir sinfi kimi
ləğv etmək siyasətinə keçildi. Xocalıda yüzlərlə qolçomaq və varlı kəndli
ailəsi məhv edildi və ya sürgün olundu. Bütün bunlarla yanaşı Xocalıda kollektivləşmə
dinə, milli ənənələrə qarşı mübarizə ilə müşayiət olundu. Bu prosesdə çox
yerlərdə məscidlər ya dağıdılır, ya da anbara, kluba, kitabxanaya
çevrilirdilər. Qadınların çadraları əlindən alınırdı.
Xocalıda ehtiyatla həyata
keçirilməsi nəzərdə tutulan siyasətin pozulması kəndlərdəki ciddi təsərrüfat
çətinliklərini aradan qaldırmağa mane olurdu. Kəndlilərin yoxsul, qismən də
ortabab təbəqəsi iflas səviyyəsində idi. Bütün bunlar Xocalı ərazisinin
əhval-ruhiyyəsinə təsir edir, onların narazılığına, hətta kəndlərdə sinfi
mübarizənin kəskinləşməsinə səbəb olurdu.
Varlılar, mülkündən məhrum
olmuş təbəqələr, sovet hakimiyyətinə qarşı olan qüvvələr hələ də sovet
üsul-idarəsini devirmək ümidində idilər. Onlar ağır təsərrüfat pozuntusu,
əhalinin maddi vəziyyətinin ağırlaşması və keçən əsrin 20 illərinin ortalarında
inzibati-amirlik orqanlarının fəaliyyəti ilə bağlı ölkənin daxili vəziyyətində
yaranmış siyasi böhrandan istifadə edərək, öz arzu və məqsədlərini həyata
keçirməyə cəhd göstərirdilər [5].
Bu vaxt Xocalıda kəndli
həyəcanları baş verirdi. Bu çıxışlar rəsmi hakimiyyət orqanları tərəfindən
“əksinqilab” kimi qiymətləndirilir və ya “siyasi quldurluq” hesab olunurdu.
1927-1929-cu illər
kollektivləşmə ərəfəsində Qarabağın hər yerində o cümlədən Xocalıda varlı
kəndlilərin, din xadimlərinin, AXC dövlət xadimlərinin kolxoz quruluşuna,
hüquqlarının tapdalanmasına, əmlaklarının müsadirəsinə zorakılıqlara,
inzibatçılığa qarşı müqaviməti genişləndi. Bəhs olunan dövrdə Xocalıda milli
müqavimət hərəkatı müxtəlif formalarda təzahür edirdi. Varlı kəndlilər ilk
növbədə kolxoz quruluşu əleyhinə təbliğat-təşviqat aparır, narazı kəndliləri öz
tərəflərinə çəkirdilər. ARPİİSSA-də saxlanılan sənədlərdən birində göstərilir
ki, Qarabağın kəndlərində qolçomaqlar və din xadimləri kəndliləri öz ətrafında
toplayaraq həmin kənddəki kolxozu dağıtmağa çalışmışdılar [10].
Həmin Arxivin başqa bir
vərəqində göstərilir ki, 1928-ci ilin sonlarında Xocalının kəndlərindən birində
yeni yaranmış kolxozu dağıtmaq üçün qolçomaqlar kəndlilər və kolxozçular
arasında belə bir fikir formalaşdırırdılar ki, dövlət kolxoz tarlalarından
becərilən və yığılan bütün məhsulu alacaq, hər adama yalnız iki girvənkə məhsul
saxlayacaqdır…[18]. Aclıq, yoxsulluq və qıtlıq
1928-ci ildə son həddə çatmışdı... Xocalıda həmin ilədək süni surətdə yaranmış
bütün kollektiv təsərrüfatların dağılması ilə nəticələnmişdir. Lakin bölgəyə
əlavə-yeni sovet işçi heyətinin daxil olması ilə Xocalıdakı dağılan kolxozlar
yenidən bərpa edilmişdir [6].
1928-1929-cu illərdə
mülkiyyətdən məhrum edilənlərin müqavimət formalarından biri də kənd
təsərrüfatı alətlərinin, xüsusən traktorların sıradan çıxarılması, kolxoz tikililərinin
yandırılması ilə müşayiət edilmişdir. Mənbələrdən birində göstərilir ki,
1929-cu il yaz əkini kampaniyası zamanı Xocalı ərazisində qolçomaqlar
tərəfindən kənd təsərrüfatı maşınlarının, o cümlədən traktorların xarab edilərək
sıradan çıxarılması halları qeydə alınmışdır [20].
Xocalıda qolçomaqların
müqavimətinin güclənməsi Sovet hakimiyyətinin kənddə həyata keçirdiyi torpaq
quruluşu tədbirlərinə maneə olmaqda da özünü göstərirdi. Çünki torpaq quruluşu
siyasəti ilə yaxşı və məhsuldar torpaqlar varlı kəndlilərin əllərindən alınaraq
kolxozların ixtiyarına verilirdi. Bu siyasət varlı kəndlinin iqtisadi mövqeyini
kökündən sarsıdır və onu sıxışdırırdı. Ona görə də torpağı əlindən alınan
sahibkar, torpaq quruluşunun keçirilməsinə var gücü ilə mane olurdu. 1928-ci
ilin yayında Xocalı ərazisində kollektiv təsərrüfatlarda yer quruluşu
aparılarkən torpaq sahibləri bu işə mane olmuş və müqavimət göstərmişlər
[21].
Qarabağın təbii şəraiti burada
silahlı yolla müqavimət göstərməyi şərtləndirirdi. Ərazinin əlçatmaz dağları,
çətin keçilən yolları, çıxılmaz meşələri və sair silahlı dəstələrin
fəaliyyətini şərtləndirirdi. “İttihad” və “Müsavat” partiyaları xalqın
düşdüyü ağır vəziyyəti görür və 1927-1929-cu illər Qarabağ müqavimət hərəkatını
dəstəkləyir, onlara düzgün məsləhətlər verirdilər. “Müsavat” Partiyasına
Məmməd Əmin Rəsulzadə, “İttihad” Partiyasına isə Xosrov bəy Sultanov başçılıq
edirdi [23]. Çox təəssüflər olsun ki,
sovet tarixşünaslığında hər iki tarixi şəxsiyyət “müti qul”, “qanlı
cinayətkar”, “vəhşi cəllad” kimi təqdim edilirdi. Çünki hər iki şəxsiyyət
Azərbaycanın müstəmləkə əsarətini istəmir, dövlətimizin müstəqilliyi, ərazi bütövlüyünü
təqdim edir və buna çalışırdılar. Bütün bunlar isə rəsmi Moskvanı və onun müstəmləkələrə
təyin etdiyi rəhbərləri qane etmirdi. Ona görə də hər iki qeyrətli Azəri-türk
oğlunu xalqın gözündən salmaq üçün min-bir cəfəng qarayaxmalara məruz qoyurdular.
Sovet dönəmində Azərbaycan
xalqına düşmən kimi təqdim edilən hər iki partiya İstanbulda bir araya gələrək
“Azərbaycan Milli Komitəsi”ni təşkil etmişdilər [24]. Bununla yanaşı, Qafqaz
regionunu əhatə edən, onların vətənpərvər qüvvələrinin iştirakı ilə “Qafqaz
Konfenderasiyasının İstiqlaliyyət Komitəsi” adlı təşkilat yaradılmışdır. Onu
da qeyd edək ki, “Komitə”nin tərkibinə mülkədarlar, knyazlar, bəylər, xanlar,
neft sənayeçiləri, din xadimləri, qolçomaqlar, tacirlər daxil idilər [25]. Hər iki “Komitə” xalqları
ümumi düşmənə qarşı vahid cəbhədə birliyə çağırırdı. M.Ə.Rəsulzadə çıxışlarından
birində göstərirdi ki, “İnsanpərvərlik və mədəniyyət naminə Avropa, Asiya və
Amerika ictimaiyyəti və hökumətləri qüdrətli Zaqafqaziya Konfederasiyasının
yaradılması işinə kömək etməlidirlər” ... [26]. Onların vahid bir məqsədi
var idi: “Zaqafqaziyadan qırmızı inqilabı qovmaq, bölgəni dünya ilə ticarət
apara biləcək əsas məntəqəyə çevirmək və bolşevizmin Şərqə yayılmasının
qarşısını almaq” [27].
Çox keçmədi ki, “Qafqaz
Konfederasiyasının İstiqlaliyyət Komitəsi” “Ukrayna xalqlarının Müdafiə
Komitəsi” ilə birləşib “Qafqaz və Ukrayna xalqlarının Milli Müdafiəsi” adlı
təşkilat yaratdılar. Bütün yuxarıda adıgedən Komitə və Təşkilatların Parisdə
nəşr edilən “Prometey” adlı aylıq jurnalları da var idi. Jurnalın səhifələrində
“Qırmızı terrorun” mahiyyəti, SSRİ hökumətinin gizli məqsəd və məramı açıqlanır
və bu bəladan xilas olmaq üçün xalqları birgə mübarizəyə səsləyirdi [28].
“Müsavatçılar və İttihadçılar”
Qafqaz və Ukrayna mühacirləri ilə birlikdə “Prometey” jurnalının nəşrində fəal
iştirak etməklə bərabər, xüsusi orqana da malik idilər. Belə ki, onlar Parisdə
“Yeni Qafqaziya” adlı qəzeti və “Azərbaycan” adlı jurnalı nəşr etdirib xalqın
içərisində yayırdılar. Onu da qeyd edək ki, İran və Türkiyə dövlətləri də
sosializm bəlasının onların ölkələrinə yayılmaması üçün Azərbaycan mühacirləri
ilə eyni cəbhədən Sovet rejiminə qarşı çıxırdılar [29]. Hətta, Təbrizdə
“Müsavat Azərbaycanın bərpa edilməsi” adlı komitə də yaradılmışdı ki, onun
fəaliyyət proqramında islamın müqəddəsliyinin müdafiəsi, kəndliyə qarşı tətbiq
edilən qeyri insani tədbirlərin dayandırılması xüsusi mülkiyyətin
toxunulmazlığı, yeni rejimin məhvi və onun yayılmasının qarşısının alınması
var idi [32].
1927-ci ildən Qarabağda
kollektivləşmənin ilk illərindən məscidlər dağıdıldı, din xadimləri
sıxışdırıldı, milli-adət-ənənələrimiz qadağan edildi, kolxoz quruculuğunda
əyintilər, səhvlər, zorakılıq, inzibatçılıq, qolçomaqlara, varlı və ortabab
kəndlilərə qarşı çevrilmiş kobud, qeyri insani tədbirlər kəndlilərin kütləvi
narazılıqlarına səbəb oldu [30]. Belə bir şəraitdə Azərbaycan mühacirləri öz
nümayəndələrini Azərbaycana göndərir, qolçomaqlar, burjua ziyalıları, din
xadimləri, bəylər, tacirlər, səlimçilərlə əlaqə yaradır və xalqı birgə mübarizəyə
istiqamətləndirirdilər. 1927-ci ilin aprelindən, Türkiyə və İrandakı
Azərbaycan mühacirləri sərhədləri keçib öz vətənlərinə gəldilər. Onlar
“Azərbaycan xalqına” müraciət edərək Sovet rejiminə qarşı silahlı çıxış etməyə
çağırdılar. Mühacirlər sərhədi keçdikdən sonra Qarabağın müxtəlif yerlərində
gizli təşkilatlar yaratmağa başladılar [31]. Qarabağda ilk belə təşkilat
Xocalıda da yaradılmışdı. İttihadçılardan ibarət olan həmin təşkilat yerli
qolçomaqlar, varlı və ortabab kəndlilər din xadimləri, keçmiş ziyalılarla əlaqə
yaradaraq, onların öz xahişləri əsasında təşkilata daxil etdilər. Onların birgə
qəbul etdiyi qərara əsasən 1927-ci il mayın 1-də Qarabağın qəzalarında üsyan
qaldırmalı, Yevlax stansiyasını tutmalı və Bakı ilə əlaqəni kəsməli idilər
[27]. Təşkilatın yerlərdəki dayaqlarının zəifliyi, əhalinin bütövlükdə
hamısının bu işə cəlb edilə bilməməsi, qüvvələr nisbətindəki uyğunsuzluq həmin
üsyanın məğlub olması ilə nəticələndi. 1927-ci il aprelin 28-də Qarabağda
fəaliyyət göstərən “İttihad” təşkilatının başçıları və üsyançıların əksəriyyəti
həbs edildilər. Lakin bütün bunlar üsyançıları sarsıtmadı. Onlar 1927-ci il
mayın 15-də yenidən üsyan etsələr də məğlubiyyətə uğuradırlar [28].
Bəhs etdiyimiz dövrdə Xocalıda
Sovet rejiminə qarşı müqavimət göstərməyin ən kəskin forması kiçik süvari
qaçaq dəstələri ilə mübarizə aparmaq olmuşdur. Həmin dəstələrin tərkibi keçmiş
bəylər, mülkədarlar, qolçomaqlar, varlı və ortabab kəndlilər tacirlər, yüzbaşılar,
din xadimlərindən ibarət idi. Xocalının yerləşdiyi təbii-coğrafi mövqe qaçaq
silahlı dəstələrinin geniş fəaliyyət göstərməsini şərtləndirirdi. Həmin dövrdə
Xocalıda baş verən silahlı milli-müqavimət hərəkatı qan içində çox amansızlıqla
boğuldu. Müqavimət hərəkatı iştirakçıları həbs edildi. Bir hissə güllələndi
digər bir hissə isə sürgün edildi. 1927-1929-cu illəri əhatə edən milli müqavimət
hərəkatının məğlub olması səbəbləri üsyançılar arasında əlaqələrin zəifliyi,
üsyanların qeyri-mütəşəkkili, Qarabağ ermənilərinin Qırmızı Ordu tərəfindən
döyüşməsi, üsyançıların hərbi cəhətdən, xüsusilə silahlanma cəhətdən qarşı
tərəfə nisbətən zəif olması ilə bağlı olmuşdur [33]. Xocalıda baş verən
1927-1929-cu il milli-müqavimət hərəkatı məğlub olmasına baxmayaraq xalqımızın
müstəqillik ideyalarının hələ də sönmədiyini, gələcək nəsillər üçün örnək
olduğunu nümayiş etdirdi.
Qeyd edək ki, kənd
təsərrüfatının kollektivləşməsinin ikinci mərhələsi 1930-cu illəri əhatə etmiş
və Xocalının tarixinə ən ağır, əzablı və dəhşətli dövr kimi daxil olmuş, kolxoz
quruculuğunda yol verilən səhvlər, zorakılıq, qolçomaqlara, varlı və ortabab
kəndlilərə qarşı çevrilmiş kobud tədbirlər kəndlilərin narazılığına səbəb
olmuş, bölgədə sovet rejiminə qarşı kütləvi xalq üsyanları baş vermiş, lakin
sovet hərbi hissələri tərəfindən çox qəddarlıqla yatırılmış kütləvi
repressiyalar, sürgünetmə, soyqırımı tətbiq edilmiş kənd təsərrüfatı zorakılıq
yolu ilə kollektivləşdirilmişdi.
Keçən əsrin iyirminci
illərinin ikinci yarısından Qarabağda o cümlədən Xocalıda sosializm
ideyalarının əməli olaraq reallaşdırılması məqsədilə xalq təsərrüfatının bütün
sahələrinin sosialistcəsinə yenidən qurulmasına başlandı. Yenidənqurmanın
başlıca istiqamətləri sənayeləşdirmə, kollektivləşdirmə və bolşevizmin
ideologiyasına xidmət edən mədəni quruculuq idi ki, bununla Moskva planlaşdırmada
və idarəçilikdə sərt mərkəzləşdirmə və kommunist partiyasının şəriksiz
ağalığını bərqərar etmək niyyətində idi. Kollektivləşdirmə Xocalıya ən ağır,
əzablı və dəhşətli bir dövr kimi daxil olmuş və Vətənimizin tarixinin ən
dəhşətli səhifələrindəndir. Çünki, həmin dövrdə sovet və partiya orqanları
zorakılıq yolu ilə kəndliləri kolxozlara toplayır, kolxozlara daxil olmaq
istəməyənlər məcbur edilir, həbs edilir və sürgün edilirdilər.
XX yüzilliyin iyirminci
illərinin axırlarından mərkəzin irəli sürdüyü yeni siyasi xətt Qarabağın hər
yerində, o cümlədən Xocalıda əhalinin böyük bir hissəsinin narazılığına səbəb
olmuş və bu da bölgədə sovet hakimiyyəti, kollektivləşdirmə əleyhinə
üsyanlarla nəticələnmişdir. Kollektivləşmə siyasətinin ilk illərində qolçomaqlarla
bağlı heç bir göstəriş verilməmişdi. Lakin 1930-cu il yanvarın 11-də “Pravda”
qəzetinin “Qolçomaqları bir sinif kimi ləğv etmək günün vacib məsələsidir” adlı
baş məqaləsindən sonra kənddə varlı təbəqəyə qarşı repressiyaların
genişlənməsinə rəvac verilmiş oldu [41].
Artıq həmin vaxtdan qolçomağı
“yer üzündən silmək” fikri formalaşdı. Qolçomaqların bir sinif kimi ləğv etmək
siyasətinin konkret üsul və yolları ÜİK(b)P MK-nın 30 yanvar 1930-cu il
tarixli “Elliklə kollektivləşmə rayonlarında qolçomaq təsərrüfatlarının ləğv
edilməsi tədbirləri haqqında” qərarında göstərilmişdir. Qərarda, varlı
kəndlini kollektivləşmənin qatı düşməni kimi güllələnməsi, sürgün edilməsi
kimi tədbirlər göstərilmişdi. Bu dövrdə yoxsulları varlı kəndlilərə qarşı
qoyur, onlar arasında düşmənçiliyi qızışdırırdılar [42]. Bu siyasət ağır faciələrə
gətirib çıxardı. Eyni zamanda, əhalinin şəxsi təsərrüfatında olan hər şeydən
vergi alınırdı ki, bu da kütləvi narazılıq yaradırdı. Apardığımız
araşdırmalardan məlum olur ki, 1930-cu illə müqayisədə 1931-ci ildə Xocalıda
qolçomaq təsərrüfatların sayı 50 faiz azalmışdı [43]. Onlar gəlirlərinin 100
faizini vergi kimi verirdilər. 1930-cu il fevralında “Qolçomaq
təsərrüfatlarının özbaşına köçməsinin və onların əmlaklarının satılmasının qadağan
edilməsi haqqında” qərardan sonra Xocalıda özbaşına köçən və əmlakını satan
varlı kəndlinin əmlakı müsadirə olundu və kolxozlara verildi [44]. Bu tədbir
praktik olaraq qolçomaqların bir sinif kimi ləğvinə yönəlmişdi. Əmlakı əlindən
alınan varlı kəndli etiraz olaraq mal-qaranı gizli yolla kəsməyə başladı. Lakin
Azərbaycan XKS “Azərbaycan SSR-də heyvanların gizli kəsilməsinə qarşı mübarizə
haqqında qərar qəbul etdi [45]. Bütün bu və ya digər tədbirlər Xocalıda
heyvandarlıq təsərrüfatına böyük zərbə vurdu və kütləvi aclığa səbəb oldu”.
Belə bir vəziyyətdə
kollektivləşməyə qarşı gizli və açıq yolla müqavimət hərəkatı genişləndi.
Qolçomaq fəallarının məhv edilməsi məqsədilə 2 fevral 1930-cu ildə Baş Dövlət
Siyasi İdarəsi “Qolçomaqların ləğv edilməsi və onların əksinqilabçı
hərəkətlərinə zərbə endirilməsi” qərarını qəbul etdi və bundan sonra onların
kütləvi sürgününə başlandı [12]. Ağır vergilər, müsadirəçilik kompaniyası,
sürgünlər aclıq, yoxsulluq Xocalıda xalqın sovet rejiminə və kollektivləşməyə
qarşı kütləvi müqavimət hərəkatına səbəb oldu. 1930-cu ilin birinci yarısında
Xocalının kolxozlarında qolçomaqlar və onların tərəfdarları tərəfindən sovetləşməyə
qarşı 20-dən çox akt törədilmiş və hətta kolxoz quruluşu təşkilatçıları
əleyhinə terror fəaliyyəti də güclənmişdi. Xüsusi olaraq, Xocalıdakı Qaçaq
hərəkatı yeni cəmiyyət üçün çox təhlükəli idi. Ona görə də, Mərkəz ciddi
tədbirlər həyata keçirdi. Belə ki, 25 fevral 1930-cu ildə ÜİK(b)P Siyasi
Şurası, “Geri qalmış milli rayonlarda kollektivləşmə və qolçomaqlara qarşı
mübarizə haqqında” xüsusi qətnamə qəbul etmiş və bütün respublikalara
qolçomaqların dərhal tutulub islah düşərgələrinə göndərilməsi tapşırığı
verildi [47]. Həyata keçirilən kütləvi sürgünlər heç də xalq hərəkatının
qarşısını ala bilmədi. Əksinə 1931-ci ildə Qarabağda antisovet üsyanları geniş
vüsət aldı.
“RK(b)P və milli məsələ
(1928-1933) (I kitab, Moskva, 2005)” adlı mənbədə “İranla sərhəd rayonlarında
siyasi vəziyyət haqqında” tərtib edilmiş arayışda göstərilirdi ki, sərhəd
ərazilərdə müxtəlif millətlərin nümayəndələri yaşayırdılar. İranla sərhəd
ərazilərdə mühacir qruplar “Müsavat” və “İttihad” partiyalarının üzvləri dəstələr
şəklində sərhədi keçərək müqavimət hərəkatını dəstəkləyir, çox hallarda onları
istiqamətləndirirdilər. 1930-cu ildə “Müsavat” partiyasının başçılarından
olan Mirzəbala Məmmədov, Sultan bəy Sultanovla əlaqə yaradaraq Azərbaycanda
“Azərbaycan milli mərkəzini” yaratmış və xalqı, hüquqlarının bərpası üçün
birgə mübarizəyə çağırmışdır. Onlar, “biz kiminsə köləsi ola bilmərik”,
“Azərbaycan azərbaycanlılar üçündür” şüarını irəli sürmüşdülər. Lakin bu
təşkilat sovet hakimiyyəti orqanları tərəfindən qısa bir müddətdə dağıdılmışdır.
Bakı Baş Məxfi Siyasi İdarədən Moskvaya verilmiş 1930-cu il “arayış”ında bildirilirdi
ki, 1930-cu il ərzində Azərbaycanın bir sıra ərazilərində, o cümlədən Xocalıda
kollektivləşmə zamanı yol verilən nöqsanlar nəticəsində kütləvi silahlı
üsyanlar baş vermiş və bu üsyanlarda yalnız kasıb və ortabablar deyil, həmçinin
bəzi sovet işçiləri, partiyaçılar, komsomolçular da iştirak etmişdilər.
Mərkəzin keçirdiyi güclü hərbi
əməliyyat nəticəsində Xocalıda 1930-cu ildə baş verən üsyan qəddarlıqla
yatırılır və hətta üsyanda iştirak edən kəndlər yandırılır, yerli əhali bir
növ soyqırıma məruz qalırdı. Hətta, araşdırmalardan məlum olur ki, bəhs olunan
dövrdə güllələnmiş, yandırılmış insanlar arasında körpə uşaqlar da olmuşdur.
ARPİİSSA-də saxlanılan
sənədlərdən birində göstərilir ki, bütövlükdə Qarabağda, o cümlədən Xocalıda
baş verən üsyanlar Azərbaycan rəhbərliyini narahat etmiş və “kolxoz
quruluşundakı əyintilər və səhvlər” AK(b)P-nin X qurultayında (31 may – 4 iyul
1930-cu il) təhlil edilmiş və onlar öz səhvlərini AK(b)P MK-nın birinci katibi
N.F.Qikaloya hesabat məruzəsində bu cür ifadə etmişdilər: “Biz Azərbaycanda
kollektivləşdirmə işində bir sıra kobud səhvlər buraxmışıq… həmin səhvlər
təkcə yerli partiya təşkilatlarının səhvləri deyil, bizim rəhbərliyin, yəni
AK(b)P MK-nın səhvləridir…. Azərbaycanda yol verilmiş səhvlər Sovet İttifaqında
birinci yerdə dayanmışdır… Yoxsul və ortabab kəndlilərə kobud münasibət
zəhmətkeş kəndlilərə də sirayət etmiş və onları bir cəbhədə birləşdirmişdir”
[f.1, s.74, i.300, v.84, 125].
Kollektivləşdirmə hərəkatı
kəndin bütün təbəqələrinin mənafeyinə toxunur, öz əmlaklarını, mənliyini və
varlığını qoruyub saxlamaq uğrunda müqavimət göstərən qolçomaqlarla qəti
döyüş başlanmışdı. Qarabağda qolçomaqlar sovet hakimiyyətinə qarşı mübarizənin
bütün formalarından istifadə edirdilər.
1931-ci ildə də Qarabağda, o
cümlədən Xocalıda sovet rejiminə və kollektivləşməyə qarşı kütləvi müqavimət
hərəkatı davam etmişdi. Təkcə 1931-ci ildə Qarabağda kollektivləşməyə qarşı
15 qaçaq dəstəsi mübarizə aparırdı. Qarabağda qaçaqlıq edənlərin sayı iki minə
yaxın idi. Lakin əvvəlki illərdə olduğu kimi 1931-ci ildə də sovet hakimiyyəti
orqanları bu hərəkatı hərbi hissələr vasitəsilə çox amansızlıqla yatırmışdır.
1931-ci il Qarabağ əməliyyatlarında ələ keçirilmiş 694 nəfərin 195 nəfəri
güllələnmiş, 156 nəfəri cəza düşərgələrinə, 343 nəfəri isə Sibirə, Qazaxıstana
sürgün olunmuşdur [48].
Bütün otuzuncu illər ərzində
Xocalıda kollektivləşməyə və sərt sovet rejiminə qarşı milli-müqavimət
hərəkatı davam etmişdi. Lakin Moskva, qolçomaqlara qarşı mübarizə məqsədilə
ciddi qərarlar qəbul etmiş və qolçomaqların bir sinif kimi məhvini
reallaşdırmışdır. Belə ki, ÜK(b)P Siyasi Bürosunun “Zaqafqaziyadan
qolçomaqların sürgün olunması haqqında” 23 aprel 1933-cü il qərarı [49],
“Azərbaycanda antisovet elementlərin sürgün olunması haqqında” 23 dekabr
1934-cü il qərarı [50], “Qolçomaqlar və antisovet elementlərin repressiyasına
dair” SSRİ Daxili İşlər Komissarlığının 30 iyun 1937-ci il, 00447 №-li “Əmri”
ilə Azərbaycanda o cümlədən Qarabağda və Xocalıda on minlərlə insan güllələnmiş,
həbs edilmiş, respublikadan kənara sürgün edilmişlər [50]. Dəhşətli soyuq,
aclıq və xəstəliklər nəticəsində sürgün olunmuş azərbaycanlılar ailəliklə və
bütövlükdə nəsillikcə məhv olurdular. Sağ qalan “xalq düşməni və vətən xainləri”
üçün isə həyat əsl cəhənnəmə çevrilmişdi. Ümumiyyətlə, elliklə
kollektivləşdirmə illərində baş verən hadisələr, çıxışlar kəndlilərin istər
fəal, istərsə də passiv müqaviməti qolçomaqların sinfi mübarizəsi kimi qələmə
verilmiş, sosializmdə “sinfi mübarizənin” güclənməsi pərdəsi altında
Azərbaycanın bütün kənd rayonlarında o cümlədən Xocalıda soyqırıma bənzər ağır
cinayətlər törədilmişdi.
Beləliklə, Xocalıda baş verən
otuzuncu illər xalq üsyanları güclü sovet hərbi hissələri tərəfindən çox amansızlıqla
yatırıldı. Üsyanların məğlub olması səbəbləri – təşkilati və əməli cəhətdən
üsyançılar arasında əlaqələrin, vahid rəhbərliyin olmaması, əks tərəfin
hərbi-texniki cəhətdən üstünlüyü, beynəlxalq şərait, erməni millətçilərin bu
soyqırımda da XI Qırmızı Ordu ilə eyni cəbhədən çıxış etməsi, bütövlükdə yerli
dinc əhalinin hamılıqla üsyançıların tərəfində olmaması ilə bağlı olmuşdu.
Üsyanın məğlub olmasına baxmayaraq xalqımızın azadlıq və istiqlal mübarizəsi
tarixində çox mühüm yer tutmuşdur. Xocalı üsyanları Azərbaycan xalqının
istiqlal ideyalarının hələ sönmədiyini, onun azadlıq uğrunda ölümə getmək
əzmində olduğunu nümayiş etdirən hadisələr kimi tariximizə daxil olmuşdur.
Beləliklə, keçən əsrin 30-cu
illərinin sonlarında Xocalıda mərkəzin planına uyğun inzibati-amirlik və
zorakılıq yolu ilə kənd təsərrüfatının kollektivləşməsi başa çatdı və əzablı
əmək düşərgəsini xatırladan kolxozlar kənd təsərrüfatı məhsullarının
istehsalçısına çevrildi. Xalqımızın ağır zəhməti ilə istehsal olunan strateji
kənd təsərrüfatı məhsulları isə gizli və açıq yollarla Ermənistana və Rusiyaya
daşınır, əhalinin kənd təsərrüfatı məhsullarına olan tələbatını ödəməklə
yanaşı, sənayeni canlandıra bilən xammal mənbəyinə çevrildi.